MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Təhsilimiz strateji və praqmatik vəhdətdə irəliləyir” - Deputat

10:17 28.07.2023



“Dünən Azərbaycan Prezidenti İlham Əliyev elm və təhsil sahəsinin inkişafı ilə bağlı bir sıra mühüm fərman və sərəncamlar imzaladı. Bu sənədlər Prezident tərəfindən təhsilin inkişafı ilə bağlı müəyyən edilən strateji kursunun növbəti mərhələsinin icrasıdır. Ona görə də bu sənədlər həm strateji həm də praqmatik xarakter daşıyır”.

 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Kamal Cəfərov bildirilib.

 

“İlkin olaraq və bunu qeyd etmək çox mühümdür, dünən Prezident tərəfindən imzalan sərəncama əsasən bakalavriat və magistratura təhsil səviyyələrində, o cümlədən orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan vətən müharibəsi iştirakçılarının təhsil haqları dövlət tərəfindən ödəniləcək. Bu təşəbbüs Cənab Prezidentin vətən müharibəsi iştirakçılarına göstərdiyi daimi qayğının növbəti təzahürüdür. İnanıram ki, yeni təhsil imkanı müharibə veteranlarının həyatında əlavə stimula çevriləcək, bu həm də təhsilin inkişafına öz töhfəsini verəcək. Bu mühüm dəstək üçün Prezidentə təşəkkür edirəm.

 

İkincisi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərin təsdiqi isə müəllimlərin sertifikatlaşdırmadan keçmə imkanları genişləndirir, bu da öz növbəsində tədrisin keyfiyyətinin artırılmasına təkan verəcək. Sertifikatlaşdırma ilə bağlı bəzi hallarda xüsusi maraq qrupları tərəfindən yanlış təəsüratlar formalaşdırılmağa çalışır. Ancaq hesab edirəm ki, sertifikatlaşdırma övladlarımıza dərs deyən müəllimlərin sürətlə dəyişən dövrün reallıqları ilə eyni dalğada olmağa, daim özlərini təkmilləşdirməyə imkan yaradır. Bu cür yanaşma isə təbii olaraq bütün cəmiyyət tərəfindən müsbət qarşılanır. Çünki hər kəs övladına daim öz üzərində çalışan, proqressiv müəllimlər tərəfindən tədrisin verilməsini istəyir.

 

 

Digər tərəfdən sertifikatlaşdırma müəllimlərimizin maddi vəziyyətinin yaxşılaşdırır və ən əsası müvafiq bilik və bacarığa uyğun ədalətli ödəniş sisteminin əsasını təmin edir. Belə ki, yeni qanunla ilk dəfə olaraq müəllimlər 3 il işlədikdən sonra sertifikatlaşdırmadan keçə biləcəklər. Bu müddət əvvəlki qanunvericiliyə əsasən 5 il olub. Yəni müəllimlər artıq daha yüksək əməkhaqqı almaq üçün, fərqlənmək üçün 5 il gözləmək məcburiyyətində olmayacaq. Eyni zamanda məktəbəqədər təhsil müəssisələrində (bağçalarda) işləyənlərin ilk dəfə olaraq sertifikatlaşdırmadan keçməsi ilə bağlı məsələ təhsil qanunvericiliyində öz əksini tapıb. Bu da çox fundamental yenilikdir”, - parlamentari bildirib.

 

K.Cəfərovun sözlərinə görə, ölkə başçısı tərəfindən təsdiqlənən növbəti strateji məsələ isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əsasnaməsinin müəyyən edilməsidir:

 

“Hesab edirəm ki, Agentlik ali təhsilin kontentinin müasir çağırışlarla əlaqəsini institutsionallaşdıracaq. Agentlik ali və orta ixtisas təhsili müəssisələrində yeni təhsil proqramlarının (ixtisasların) açılmasına nəzarət etməklə bu sahədə keyfiyyəti artıracaq, tələbələrinin ixtisas üzrə təcrübə keçməsinin müəyyən edilmiş qaydaya uyğun təşkilini təmin edəcək, ən əsası əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadr hazırlığına dair tələbatın müəyyən edilməsi üçün tədbirlər görəcək. Cənab Prezident tərəfindən Agentliyə həvalə edilmiş vəzifələr nəticəsində elm və ali təhsil sahəsində tənzimləmə və idarəetmə qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşəcək. Eyni zamanda, çevik və nəticəyönlü idarəetmə modelinin yaradılması isə elm və təhsilin inteqrasiyasını daha da sürətləndirəcək.

 

Agentliyin funksiyaları kifayət qədər genişdir, görəcəyi işlər də çoxdur. Ona görə də bu prosesin hər bir iştirakçısına uğurlar arzu edirəm”.

 

 

 

Məqaləni dərc edən xəbər saytları:

1. https://qafqazinfo.az/news/detail/tehsilimiz-strateji-ve-praqmatik-vehdetde-irelileyir-deputat-407769